Nokia Azərbaycanda labarotoriya açacaq

17:08 - 4.04.2023


4 aprel, Fineko/abc.az. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azərbaycan Texniki Universiteti (AzTU) və "Nokia" şirkəti arasında yeni laboratoriyanın təsis olunmasına dair müqavilə imzalanıb.

ABC.AZ İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, müqaviləyə əsasən, Azərbaycan Texniki Universitetinin radiotexnika və telekommunikasiya fakültəsində "Nokia"nın tam təchiz etdiyi yeni laboratoriya açılacaq.

“Nokia” şirkətinin Azərbaycan üzrə rəhbəri Massimiliano Volpe şirkətin ölkəmizdə gördüyü işlərdən danışıb, laboratoriyada istifadəyə veriləcək avadanlıqlar, tətbiq olunan texnologiyalar barədə məlumat verib.

Qeyd edək ki, ilkin mərhələdə universitetin radiotexnika və telekommunikasiya fakültəsinin 800-ə yaxın tələbəsinə və müəllim heyətinə avadanlıqlardan düzgün istifadə qaydalarına dair təlimatlar veriləcək. “Nokia” şirkətinin ekspertlərinin iştirakı ilə mütəmadi olaraq təlimlər baş tutacaq.