2022-ci ildə Azərbaycan 46,7 milyard kubmetr təbii qaz hasil edilib

16:19 - 13.01.2023


13 yanvar, Fineko/abc.az. Ötən il ərzində Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika nazirliyindən ABC.AZ-a verilən məlumata görə, qazın 13,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 25,2 milyard kubmetri “Şahdəniz”dən, 8,1 milyard kubmetri SOCAR üzrə hasil olunub.

2021-ci ilə nisbətən 6,5 faiz, yəni 2,9 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 22,3 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 18 faiz çoxdur.

Yanvar-dekabr aylarında Avropaya 11,4 milyard kubmetr, Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb.

Türkiyəyə TANAP vasitəsilə bu müddətdə 5,6 milyard kubmetrə yaxın qaz nəql olunub.