Prezident yeni yarımstansiyasının açılışında iştirak edib

14:20 - 10.06.2022


10 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Bakıda "Azərişıq" ASC-nin 110/35/10 kilovoltluq yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

ABC.AZ-ın xəbərinə görə, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına yeni yarımstansiyada və idarəetmə mərkəzində yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, paytaxtın Yasamal rayonu ərazisində, Füzuli meydanının yaxınlığında tikilən yeni yarımstansiya Bakı şəhərinin sürətlə artan elektrik enerjisi tələbatını qarşılamaq, etibarlılığı və dayanıqlılığı təmin etmək məqsədilə inşa olunub.

Həmçinin yarımstansiya şəhərin elektrik təchizatının etibarlılığının və dayanıqlılığının təmin edilməsi məqsədilə perspektivdə yaranacaq yüklərin 220 kilovoltluq “Müşviq” və “Xırdalan” yarımstansiyaları arasında paylanması və ötürülməsi üçün nəzərdə tutulub. Yeni yaradılacaq 110 kilovoltluq dairəvi sxemin tərkib hissəsinə aid olan yarımstansiyanın əlaqələndirilməsi “Yasamal-1”, inşa ediləcək “Təzə Bazar”, “Zəfər” və mövcud “Dağlıq” yarımstansiyaları vasitəsilə həyata keçiriləcək. Yarımstansiyada müasir tipli eleqaz avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika qurğuları quraşdırılıb.