Cənub Qaz Dəhlizi “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır - İlham Əliyev

17:20 - 1.06.2022


1 iyun, Fineko/abc.az. “Cənub Qaz Dəhlizi bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bir il beş aydır ki, Azərbaycan tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir”.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətin genişləndirilməsi həm Azərbaycan, həm də tərəfdaşlarımız üçün zəruridir.

Ölkəmizin hasilatı və ixracı artırmağa müvəffəq olduğunu vurğulayan Prezident deyib: “Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər”.