“Müharibə veteranı” adı və Prezidentin aylıq təqaüdünün təyinatına başlandı

11:52 - 1.02.2022


1 fevral, Fineko/abc.az. Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası olaraq Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı və Prezidentin aylıq təqaüdünün təyinatına başlandı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, ilkin olaraq Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında bu qurumların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib.

DSX üzrə iştirakçılar barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib.

Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi andan şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndəriləcək.