Əmək pensiyasının artımı 65 min nəfəri əhatə edəcək

17:19 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyevin təsdiq etdiyi  yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, minimum pensiyanın artırılması 65 min pensiyaçını əhatə edəcək.

Onlardan 44 min şəxsin pensiyaları artırılaraq 240 manata çatdırılacaq.

Digərləri isə il ərzində pensiyaya çıxacaq şəxslər olacaq ki, onlara təyin edilən pensiyanın minimum məbləği artıq 200 deyil, 240 manat təşkil edəcək.

Artım üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılacaq.