Zəfər Muzeyi ilk dəfə ADEX sərgisinin mətbuat konfransına ev sahibliyi edəcək

11:19 - 17.09.2026


22 sentyabr 2026-cı il tarixində, saat 11:00-da Bakı şəhərində yerləşən Zəfər Muzeyində 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX 2026-ya həsr olunmuş rəsmi mətbuat konfransı keçiriləcək.

ADEX sərgisinin mətbuat konfransının ilk dəfə Zəfər Muzeyində keçirilməsi xüsusi rəmzi məna daşıyır.

Zəfər Muzeyi Azərbaycan xalqının qəhrəmanlığını və Azərbaycanın tarixi Zəfərini yaşadan məkandır. Məhz burada – igidliyi, əzmkarlığı və Vətənin müdafiəsini təcəssüm etdirən Zəfər Muzeyində media nümayəndələri qarşıdan gələn ADEX 2026 sərgisinin əsas mövzuları və miqyası ilə ilk dəfə tanış olacaqlar. Bu konsepsiya Zəfərin tarixi irsi ilə gələcəyin texnologiyalarını bir araya gətirir.

Bu gün ADEX Qafqazın müdafiə sənayesi üzrə ən böyük ixtisaslaşmış sərgisi və beynəlxalq hərbi-texniki əməkdaşlıq üçün regionun mühüm platformalarından biridir.

Mətbuat konfransı zamanı media nümayəndələrinə ADEX 2026-nın miqyası, beynəlxalq iştirak, yeni ekspozisiyalar, işgüzar proqramın əsas istiqamətləri, eləcə də sərgidə nümayiş etdiriləcək müasir texnoloji həllər barədə ətraflı məlumat veriləcək.

Bu il ADEX yeni rekorda imza atır: sərginin keçirilməsi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu da istifadə olunacaq. Bu, sərginin artan miqyasını və beynəlxalq coğrafiyasının genişləndiyini nümayiş etdirir.

ADEX 2026 sərgisi 30 sentyabr – 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

ADEX 2026 mətbuat konfransı

Tarix: 22 sentyabr 2026-cı il

Vaxt: 11:00–12:00

Məkan: Zəfər Muzeyi, Bakı

İştirakçılar: media nümayəndələri, təşkilatçılar və dəvət olunmuş qonaqlar

ADEX 2026: Zəfərin irsi – gələcəyin texnologiyaları!