“ASBIS” “ASBC” MMC-dəki payını çoxaltdı: Şirkətin Azərbaycandakı satışı 114,8% artdı

11:56 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. Kiprin İT distribütoru “ASBIS Enterprises Plc” Bakıdakı törəmə müəssisəsi “ASBC” MMC-də qalan 34,15%-lik payı 490 min dollara alaraq şirkətin 100%-lik yeganə səhmdarına çevrilib.

Azərbaycanda “Apple Premium Partner” kimi fəaliyyət göstərən və korporativ İT həlləri təqdim edən “ASBC” MMC 900 min dollar nizamnamə kapitalına malikdir və hazırda şirkətə Dromina Ayna rəhbərlik edir.

Ana şirkətin ölkəmizdəki digər qurumları (“ASBIS AZ” və “Breezy Azerbaijan”) ilə yanaşı, ümumi satış həcmində də kəskin sıçrayış qeydə alınıb.

Belə ki, 2026-cı ilin ilk yarısında qrupun Azərbaycan bazarındakı satışları 114,8% artaraq 66,2 milyon dollardan 142,2 milyon dollara yüksəlib və ölkəmiz “ASBIS”in 7-ci ən böyük bazarı olub.

Təkcə ikinci rübdəki satışlar 111% artaraq 83,3 milyon dollara çatıb ki, bu dinamika iri süni intellekt serverləri müqavilələri və “Apple” məhsullarına olan yüksək tələbatla izah olunur.

Səhmləri Varşava Fond Birjasında ticarət edilən qrupun əsas sahibi və CEO-su isə 36,84% payla “KS Holdings” vasitəsilə biznesmen Siarhei Kostevitch-dir.

(C) Banker