Qlobal qaz turbini sifarişləri rekord həddə çatıb

08:00 - 12.08.2026


12 avqust, Fineko/abc.az. Artan elektrik enerjisi tələbatının təsiri ilə ilin ikinci rübündə qlobal qaz turbini sifarişləri rekord səviyyəyə çataraq 38 giqavat təşkil edib.

"JPMorgan"ın təhlilinə əsasən, bu göstərici əvvəlki rüblə müqayisədə 29%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 71% çoxdur. Ümumi sifarişlərin təxminən yarısı ABŞ bazarının payına düşüb.

Süni intellektin inkişafı və emal sənayesinin yenidən ölkə daxilində cəmləşməsi fonunda elektrik enerjisinə tələbat kəskin artıb. İkinci rübdə ən çox yeni sifariş alan istehsalçı 12,5 giqavatlıq göstərici ilə "Siemens Energy" olub. Ondan sonra 11,3 giqavatlıq sifarişlə "General Electric" və 5,3 giqavatlıq sifarişlə "Mitsubishi Power" qərarlaşıb.

İstehsalçıların bu avadanlıqları stokda saxlalamaması səbəbindən bazarda tədarük çətinlikləri və uzun gözləmə müddətləri yaranır.