“PAŞA Yatırım Bankası”nın xalis mənfəəti 31%-ə yaxın azalıb — Hesabat

16:23 - 6.08.2026


6 avqust, Fineko/abc.az. "PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" 2026-cı ilin I yarısını 192 milyon lirə (7,68 milyon manat) xalis mənfəətlə başa vurub. Bankın maliyyə hesabatına istinadən xəbər verilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,7% azdır.

Hesabat dövründə bankın vergiyəqədərki mənfəəti 12,4% artaraq 272 milyon lirə (10,88 milyon manat) təşkil etsə də, 80 milyon lirəlik (3,2 milyon manat) mənfəət vergisi ödənişi xalis mənfəətin azalmasına səbəb olub.

Maliyyə göstəricilərinin dinamikası:

  • Aktivlər: 17 milyard 198 milyon lirə (687,92 milyon manat) — 29% artım;

  • Kredit portfeli: 9 milyard 018 milyon lirə (360,72 milyon manat) — 48,9% artım;

  • Öhdəliklər: 14 milyard 682 milyon lirə (587,28 milyon manat) — 29,9% artım;

  • Balans kapitalı: 2 milyard 516 milyon lirə (100,64 milyon manat) — 24,1% artım.

Qeyd edək ki, 2015-ci ildə yaradılan "PAŞA Yatırım Bankası"nın nizamnamə kapitalı 500 milyon lirədir (20 milyon manat). Bankın səhmlərinin 71,75%-i "PAŞA Holdinq" MMC-yə, 28,21%-i "PAŞA Bank" ASC-yə, 0,04%-i isə "Aksoy Holdinq"ə məxsusdur.

 © Report.az