Pekin Vaşinqtonun "Mythos" süni intellekt modelinin Çinə qarşı istifadə ediləcəyindən narahatdır

14:55 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Çin rəsmiləri "Anthropic PBC" tərəfindən hazırlanmış "Mythos" və digər qabaqcıl ABŞ süni intellekt (Sİ) modellərinin kibersilah kimi Pekinə qarşı istifadə olunacağından ciddi şəkildə narahatdırlar.

Bu məsələ Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında sentyabrın 24-də keçirilməsi nəzərdə tutulan sammit öncəsi iki supergüc arasındakı gərginliyi daha da artırıb. Bloomberg-in məlumatına görə, Pekindəki mənbələr Amerika Sİ modellərinin hücum yönümlü kiberimkanlarından təşvişə düşərək, "Anthropic"in çinli istifadəçilərin hətta mülki məqsədlərlə belə bu sistemlərə girişini niyə məhdudlaşdırdığını sorğulayırlar.

Tərəflər arasında qarşılıqlı sanksiya təhdidləri də kəskinləşir. ABŞ Maliyyə Nazirliyi Çinin "Moonshot AI" şirkətini intellektual mülkiyyət oğurluğunda şübhəli bilərək sanksiyalarla hədələyib. Cavab olaraq Çin Ticarət Nazirliyi adekvat addımlar atacağını bildirsə də, hazırda "Anthropic" və ya digər ABŞ texnologiya nəhənglərinə qarşı təcili tədbir planlaşdırmır. Zirvə görüşü öncəsi diplomatiya ab-havasını qorumağa çalışan Pekin Sİ üzrə danışıqlarda "qarşılıqlı qazanc" modelini dəstəkləyir, lakin tərəflər arasında dərin etimadsızlıq davam edir.