15:20 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Keçən ay 18 milyard dollarlıq dəyərləndirmə ilə birjaya çıxan İtaliyanın "Bending Spoons" texnologiya şirkəti "Airtable" elektron cədvəl və məlumat bazası startapını 1,28 milyard dollar nağd vəsait qarşılığında satın almaq üçün razılığa gəlib. Bu, şirkətin birjaya çıxdıqdan (IPO) sonra reallaşdırdığı ilk böyük sövdələşmədir.
2013-cü ildə təsis edilən və 2021-ci ildə pik nöqtədə dəyəri 11 milyard dolları ötən "Airtable", bu ilin iyun ayı etibarilə illik təkrar olunan gəlirini (ARR) 20% artıraraq 480 milyon dollara çatdırıb. Şirkət indiyədək investorlardan 1,4 milyard dollardan çox vəsait cəlb etmişdi.
Xatırladaq ki, "Bending Spoons" daha əvvəl "Evernote", "WeTransfer", "Eventbrite" və "Vimeo" kimi tanınmış brendləri də alaraq öz portfelinə qatıb. İtaliya nəhəngi adətən dəyəri düşmüş şirkətləri satın alaraq, xərcləri optimallaşdırmaq və məhsulları sadələşdirməklə onları mənfəətli biznesə çevirmək strategiyası ilə tanınır.