Azərbaycanın kəmərləri ilə 5 ayda bu qədər kubmetr qaz nəql edilib

11:33 - 18.06.2026


18 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 17 milyard 574,3 milyon kubmetr qaz nəql edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 2,6 % çoxdur.

Hesabat dövrünə qazın nəqlinin 54,1 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 9 milyard 507,2 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 2,5 % çoxdur.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.