12:02 - 17.06.2026
17 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı keçirilir.
ABC.AZ xəbər verir ki, toplantıda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Azərbaycanda infyasiyaya da toxunub.
O qeyd edib ki, inflyasiya idarə olunan səviyyədir və bu ölkəyə kapital cəlb etmək üçün önəmlidir:
"Qiymət sabitliyi vacibdir. Çünki beynəlxalq kapital yalnız sabitlik şəraitində cəlb olunur: valyutaya etimad, pul-kredit siyasətinə inam və həmin siyasətin şəffaf kommunikasiyası olduqda. Son üç ildə inflyasiya hədəflədiyimiz dəhliz daxilində, yəni 4 % ətrafında və müsbət-mənfi 2 faiz bəndi çərçivəsində olub. Proqnozlara görə, növbəti iki ildə də inflyasiya bu səviyyədə qalacaq. Biz iqtisadi inkişafı məhz bu şəkildə dəstəkləyə bilərik. Bəs buna necə nail olmuşuq? Son üç ildə bank sektorunda tənzimləmə çərçivəsini müasirləşdirmişik. Bu proses təkcə ən son Bazel standartlarına keçid kimi ənənəvi istiqamətləri deyil, həm də bazar davranışı, ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) kimi yeni sahələri əhatə edib. Kapital bazarlarında da mühüm addımlar atılıb. Mövcud qanunvericiliyə bir sıra dəyişikliklər edilib, həmçinin reytinq agentlikləri, törəmə maliyyə alətləri, vençur kapitalı və kroudfandinq (müştərək maliyyələşmə) ilə bağlı yeni qanun layihələri hazırlanaraq hökumətə təqdim olunub. Sığorta bazarında da tənzimləyici çərçivənin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atmışıq. Demək olar ki, bütün icbari sığorta məhsulları üzrə qanunvericilik yenidən işlənib hazırlanıb və onların bir qismi artıq hökumətə təqdim olunub".