23:30 - 11.06.2026
11 iyun, Fineko/abc.az. Dünya Bankı (DB) qlobal iqtisadi görünüş hesabatında dünya ölkələrinin üçdə ikisinin artım proqnozunu aşağı doğru yeniləyib. Yaxın Şərqdəki (İran) hərbi gərginlik səbəbindən Hürmüz boğazının bağlanması enerji şokuna, bu isə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında ciddi geriləməyə yol açıb.
ABC.AZ rəsmi hesabata istinadən xəbər verir ki, bank qlobal enerji qiymətlərinin kəskin artması fonunda etalon hesab edilən "Brent" markalı neftin builki orta qiyməti üzrə proqnozunu 94 dollara qaldırıb. Bu, ötən illə müqayisədə %36, bankın yanvar proqnozu ilə müqayisədə isə %50 yüksəkdir.
Dünya Bankının hesabatından əsas makroiqtisadi proqnozlar:
İnkişaf etməkdə olan bazarlar: Bu ölkələr üzrə 2026-cı ilin artım proqnozu 0,4 faiz bəndi azaldılaraq pandemiya sonrasının ən aşağı səviyyəsinə — %3,6-ya endirilib.
ABŞ: Dünyanın bir nömrəli iqtisadiyyatının builki artım proqnozu dəyişməyərək %2,2 səviyyəsində saxlanılıb (2025-ci ildə %2,1 olub). Vergi güzəştləri və süni intellekt investisiyaları artımı dəstəkləsə də, yüksək inflyasiya daxili bazarda narahatlıq yaradır.
Çin: Dünyanın ikinci böyük iqtisadiyyatının yanvar ayındakı %4,4-lük və ötən ilki %5-lik göstəricisindən geriləyərək bu il %4,2 artacağı gözlənilir.
Hindistan: Bu il %6,6 artımla dünyanın ən sürətlə böyüyən böyük iqtisadiyyatı titulunu qorusa da, bu rəqəm 2025-ci ilin (%7,7) olduqca gerisindədir.
Avrozon: Avro qrupuna daxil olan 21 ölkənin ötənilki %1,4-lük artımdan sonra bu il yalnız %0,8 səviyyəsində məhdud böyümə nümayiş etdirəcəyi proqnozlaşdırılır.
Qlobal kənd təsərrüfatı riski: Bəsrə körfəzi vasitəsilə həyata keçirilən gübrə ticarətinin dayanması və xərclərin artması səbəbindən fermerlər gübrə istifadəsini azaldıb. Mütəxəssislər bunun qlobal ərzaq qıtlığına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
10 İyun 2026
10 İyun 2026