Mərkəzi Bankın ehtiyatları 2025-ci ildə 11.5 milyard dollar təşkil edib - BFB

15:49 - 10.04.2026


10 aprel, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanın xarici mövqeyi daha da güclənib.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Fond Birjasının açıqladığı hesabatda qeyd edilib.

Vurğulanıb ki, ümumi xarici valyuta ehtiyatları 2022-ci ildəki 58 milyard ABŞ dollarından 85 milyard ABŞ dollarına yüksəlib:

"Artım əsasən ARDNF aktivlərinin genişlənməsi hesabına baş vermişdir və Fondun aktivləri 73.5 milyard ABŞ dollarına çatıb, Mərkəzi Bankın ehtiyatları isə 11.5 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda, qısamüddətli xarici dövlət borcu məhdud səviyyədə qalaraq 2.8 milyard ABŞ dolları olub. Nəticədə ehtiyatların qısamüddətli xarici dövlət borcunu örtmə əmsalı 2022-ci ildəki 20.1 dəfədən 2025-ci ildə 30.4 dəfəyə yüksəlib. Bu göstərici ölkənin xarici valyuta ehtiyatlarının qısamüddətli borc öhdəliklərini neçə dəfə örtə bildiyini göstərir və daha yüksək səviyyə daha güclü qısamüddətli likvidlik ehtiyatına işarə edir. Bundan əlavə, xarici valyuta ehtiyatları idxalın maliyyələşdirilməsi baxımından mühüm təminat rolunu oynayır. Ehtiyatların idxala nisbəti göstəricisi ölkənin xarici valyuta daxilolmaları dayandığı halda idxal ödənişlərini neçə ay davam etdirə biləcəyini göstərir. Göstəricinin yüksək olması daha güclü xarici likvidlik ehtiyatına işarə edir".