11:04 - 3.02.2026
3 fevral, Fineko/abc.az. İsrailin Ben-Qurion hava limanından Bakıya həftəlik reyslər sayının 14-dən 28-ə çatdırılması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti çap edib.
Məqalədə yazılıb ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit bildirib.
O qeyd edib ki, bu, israilli turistlərin Azərbaycana marağının kəskin artımı fonunda baş verəcək.
F.Zenqstşmitin sözlərinə görə, 2025-ci ildə Azərbaycana səfər edən israilli turistlərin sayı 2024-cü illə müqayisədə 139 % artıb.
Nəşr öz növbəsində qeyd edib ki, ötən il onlar Azərbaycana səfərlərə təxminən 184 milyon şekel (59 milyon ABŞ dolları) xərcləyiblər ki, bu da əvvəlki illə müqayisədə 81 % çoxdur. Bu, Azərbaycanın bütün xarici qonaqları arasında turizm xərclərinin ən yüksək artımıdır.
İsraillilər 2025-ci ildə Bakıya gələn xarici turistlər arasında ilk 10-luğa daxil olub.
"Bakı mədəni irs və müasir infrastrukturun birləşməsi, həmçinin Xəzər dənizi sahilində yerləşməsi sayəsində əsas cəlbedici mərkəz olaraq qalır. Azərbaycanın 2022-ci ildə Təl-Əvivdə ilk turizm ofisini açmasından sonra turizmin inkişaf tempi kəskin artıb", - "The Jerusalem Post" vurğulayıb.
10 Avqust 2026
10 Avqust 2026