Bakının mərkəzinə ödənişsiz daxil olan avtomobillər belə cərimələnəcək - Özəl xəbər

17:19 - 26.01.2026


26 yanvar, Fineko/abc.az. -(özəl xəbər)- Bir müddət əvvəl Bakının Mərkəzinin avtomobillər üçün ödənişli olacağı barədə söhbətlər dolaşdı. Əslində, belə bir təcrübə dünyanın bir çox şəhərlərində mövcuddur.

Azərbaycanda isə yeni olduğu üçün insanlar arasında çaşqınlıq yaratdı.

Bəs görəsən sözügedən yollarda ödəniş necə tətbiq olunacaq, bu necə tənzimlənəcək?

Bu sualla nəqliyyat üzrə ekspert Eldəniz Cəfərova müraciət etdik.

Məsələni ABC.AZ-a şərh edən ekspert bildirdi ki, əslində bu format ölkəmiz üçün yeni təcrübə deyil, bundan əvvəl Bakı-Quba yolunda və həmçinin Qaradağ rayonu ərazisində də belə bir zona yaradılıb.

E.Cəfərov hesab edir ki, Bakının mərkəzindəki yollar barədə belə bir qərarın verilməsi paytaxtın mərkəzi hissələrinə avtomobil axınının qarşısını almaq məqsədi daşıyır:

"Bilirsiniz, avtomobillə şəhər mərkəzinə getməyə zərurət olmadan bəzi bizim vətəndaşlarımız, əsasən də cavan sürücülər nəqliyyat vasitələri ilə şəhərin mərkəzinə doğru yürüş eləyirlər. Yəni, bu hətta gün ərzində baş verir. Biz görürük ki, səhər saat 9-dan gecə saatlarına qədər Bakı şəhəri ərazisində lüzumsuz, yəni zərurət olmadan mərkəzə doğru irəliləyən avtomobillərin sayı çoxalır. Həmin o mərkəzi ərazilərə avtomobillərin girişini bir qədər məhdudlaşdırmaq şəhərin ekoloji vəziyyətinə də müsbət təsir edəcək. Həmçinin, yüklənmənin də qarşısını aalınacaq". Bakının sözügedən hissəsində avtomobillər üçün ödənişlərinə gəlincə, ekspert bildirdi ki, qiymətlə bağlı məlumat yoxdur: "Çünki hələlik bu, layihə səviyyəsindədir. Yəqin ki, bu layihə səviyyəsində layihələndirmə bitəndən sonra ictimai müzakirələr də aparılacaq. Mənə elə gəlir ki, bu bir dəfəlik giriş də ola bilər, həftəlik, aylıq, illik abunəçilik kimi də təqdim oluna bilər. Və öncədən sürücü həmin əraziyə daxil olacaqsa, müxtəlif mobil tətbiq vasitəsilə, ödəmə sistemləri vasitəsilə ödənişini eləyib, sonra həmin əraziyə daxil ola biləcək. Ödəniş etməyən sürücülər ola bilsin ki, xüsusi quraşdırılmış kameralar vasitəsilə cərimələnsinlər. Yəni, bunun tənzimləmə mexanizmi belədi xarici ölkələrdə də təcrübələr var".

Müəllif: Elmir Muradov