“İmprotex İndustries” MMC-nin dövlətə külli miqdarda borcu yaranıb

14:40 - 25.12.2025


25 dekabr, Fineko/abc.az. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan şirkətlərdən biri - “İmprotex İndustries” MMC-nin dövlət büdcəsinə külli miqdarda borcu yaranıb.

ABC.AZ xəbər verir ki, bu barədə kommersiya qurumlarının dövlət reyestrində məlumat yer alıb.

Sözügedən reyestrdə qeyd edilib ki, “İmprotex İndustries” şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 223 740.24 manat vergi borcu var.

Qeyd edilib ki, “İmprotex İndustries” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ələkbərov Ruslan Nizami oğludur. R.Ələkbərov isə sabiq Əmək və Əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərovun qardaşı oğludur.

2013-cü ildən şirkətin metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən zavodu fəaliyyətə başlayıb. “Improtex” qrupu isə 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.