16:26 - 29.05.2025
29 may, Fineko/abc.az. Hamıya məlumdur ki, zaman-zaman Azərbaycanda fəaliyyət göstərən bəzi market şəbəkələrindəki xidmət və digər nüanslarla bağlı şikayətlər olur.
ABC.AZ son dövrlərdə müştəri narazılıqlarının daha çox müşahidə edildiyi market şəbəkələri və əsas şikayət mövzularını təqdim edir:
1. Al Market
Adıçəkilən marketlərdə satıcıların kobud rəftarı, qiymət etiketləri ilə kassadakı qiymətlər arasında uyğunsuzluq, köhnəlmiş məhsulların satışı, ƏDV çeklərinin oxunmaması və müştəri xidmətlərinin zəif olduğu iddia edilir.
Bələdçi.az saytında "Al Market" şəbəkələri barədə 82 rəyin 95%-i 1 ulduzla qiymətləndirilib. Əsas narazılıqlar arasında satıcıların kobud davranışı və məhsul etiketləri ilə kassadakı qiymət fərqləri qeyd olunur.
2. Araz Supermarket
Bu marketlərdə də əsas diqqəti çəkən narazılıq köhnəlmiş və ya zədələnmiş məhsulların satışı, işçilərin müştərilərlə kobud davranışıdır.
Belə ki, şikayetimvar.az saytında bir istifadəçi "Araz Market"dən qurd basmış şokolad aldığını bildirir. Digər şikayətlərdə isə qastronom şöbə əməkdaşlarının müştərilərlə hörmətsiz rəftarı vurğulanır.
3. Grand Market
Burada əsas narazılıq məhsul çeşidinin azlığı, yüksək qiymətlər, Umico bonuslarının yüklənməsində problemlərin olması ilə bağlıdır.
Bildir.az saytında bu market barədə 3 rəyin 33%-i 1 ulduzla qiymətləndirilib. Müştəri loyallığı 67% olaraq göstərilir.
4. Ballı Market
"Ballı Market"lərlə bağlı şikayətlərin əsasını kassir və satıcıların kobud və hörmətsiz davranışı təşkil edir.
Belə ki, şikayetimvar.az saytında istifadəçilər kassirlərin müştərilərlə kobud danışdığını və hörmətsiz davrandığını bildirirlər.
5. Rahat Market
Müştəri şikayətlərinə gec cavab verilməsi, bəzi filiallarda xidmət keyfiyyətinin aşağı olması "Rahat Market" barədə narazılıqların əsasını təşkil edir.
Amma, buna baxmayaraq, "Rahat Market" müştərilərə şikayətlərini yazılı şəkildə bildirmək və məhsulları 15 gün ərzində geri qaytarmaq hüququ verir.
Müəllif: Elmir Murad
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026