Çin ABŞ mallarının rüsumundan azad olunan məhsulların siyahısını gizli şəkildə hazırlayır

15:13 - 30.04.2025


30 aprel, Fineko/abc.az. Çin ABŞ-dan idxal olunan və 125 faizlik rüsumdan azad ediləcək malların siyahısını hazırlayıb. Rəsmi şəkildə bu barədə məlumat verilməsə də, yerli şirkətlərə bu barədə qeyri-rəsmi şəkildə məlumat ötürülür.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Bu yanaşma Pekinə sərt ritorikanı davam etdirməklə yanaşı, eyni zamanda gizli güzəştlər etməyə imkan verir.

Bir dərman şirkətinin nümayəndəsinin sözlərinə görə, hökumət bəzi biznes strukturlarına rüsumdan azad olunacaq məhsul kateqoriyaları barədə birbaşa məlumat verir.

“ABŞ-dan texnologiyalara hələ də ehtiyacımız var”, – deyə o bildirib.

Bəzi şirkətlərə hökumətlə əlaqə saxlayaraq, onların idxal etdikləri məhsulların istisnaya düşüb-düşmədiyini öyrənmələri tövsiyə olunub. Eyni zamanda, Çin hökuməti ticarət müharibəsinin biznes və iqtisadiyyata təsirini qiymətləndirmək üçün yerli şirkətlərlə sorğu aparır.

Qeyd edək ki, Çin daha əvvəl bəzi məhsulları – dərman vasitələri, mikrosxemlər, etanol və aviasiya mühərrikləri daxil olmaqla – rüsumdan azad etmiş və şirkətlərdən onlar üçün həyati əhəmiyyət kəsb edən məhsulların siyahısını təqdim etmələrini xahiş etmişdi.