11:10 - 28.02.2025
28 fevral, Fineko/abc.az. Azərbaycanda banklararası pul bazarında faiz dərəcələri Mərkəzi Bankın qərarlarına uyğun dəyişməyə davam edir.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü il üçün açıqladığı Pul siyasəti icmalında bildirilir.
2024-cü ilin dekabrında banklararası qısamüddətli (1-3 günlük) əməliyyatlar üzrə orta faiz dərəcəsi 7.68% olub. Bu, Mərkəzi Bankın müəyyən etdiyi faiz çərçivəsinin daxilindədir. Mərkəzi Bank bildirir ki, faizlər onun əsas qərarlarına yaxınlaşır və pul siyasətinin təsiri güclənir. Bu da depozit və kredit faizlərinə təsir göstərir.
1 aprel 2024-cü ildən Mərkəzi Bank hər gün rəsmi saytında 1 günlük faiz dərəcəsi (1D AZIR) haqqında məlumat paylaşmağa başlayıb. Bununla yanaşı, bankların girov qoyaraq borc götürdüyü repo bazarında da faizlər formalaşır. Dekabr ayında burada 1-3 günlük əməliyyatların orta faiz dərəcəsi 7.7%, 6-8 günlük əməliyyatların orta faiz dərəcəsi isə 7.8% olub.