12:19 - 24.10.2022
24 oktyabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Sabunçu rayonu, Zabrat ştq, Oktyabr küçəsi, ev 37 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Reyhan Catering” MMC-yə məxsus yeməklərin hazırlanması və çatdırılması müəssisəsində planlı yoxlama aparılıb.
ABC.AZ AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub.
Müəssisənin anbar sahəsində, soyuducu və dondurucu kameralarda saxlanılan məhsulların birbaşa döşəmənin üstündə, divara bitişik halda yığıldığı aşkarlanıb. Həmçinin müəssisədə iş prosesi zamanı istifadə olunan alət və ləvazimatların, soyuducu kamerada qida məhsullarının saxlandığı rəflərin və soyuducunun müəyyən hissələrinin korroziyaya uğradığı, istifadə edilən ətin və tərəvəzlərin doğrama lövhələrinin istismara yararsız olduğu, təmizlik ləvazimatlarının saxlanılması üçün ayrıca sahə və ya bölmənin təşkil edilmədiyi müəyyənləşib. Aşkar edilmiş pozuntularla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisənin rəhbərliyi isə inzibati məsuliyyətə cəlb olunub.
18 Avqust 2026