Rusiya-Ukrayna müharibəsi Türkiyənin enerji xərcini 100 milyard dollara qaldırdı – Nazirdən açıqlama

12:27 - 19.08.2026


19 avqust, Fineko/abc.az. Türkiyənin Ticarət naziri Ömər Bolat Aksarayda keçirilən məşvərət toplantısında ölkə iqtisadiyyatının son 23,5 ildəki inkişaf dinamikasını və qlobal çağırışları dəyərləndirib.

Nazir bu dövr ərzində milli gəlirin dollar ifadəsində 6 dəfə, mal və xidmət ixracının 8 dəfə artdığını, məşğulluq sahəsində isə əlavə 11 milyon iş yeri yaradılaraq ümumi sayın 32,7 milyon nəfərə çatdığını bildirib.

Bolat son illərdə yaşanan qlobal və regional böhranların ölkə iqtisadiyyatına təsirlərinə diqqət çəkib. O, pandemiya, Rusiya-Ukrayna müharibəsi səbəbindən enerji idxalı xərclərinin 100 milyard dollara yüksəlməsini və Kahramanmaraş zəlzələlərinin büdcəyə 3,5 ildə 105 milyard dollar yük yaratdığını vurğulayıb. Eyni zamanda, Körfəz bölgəsində davam edən müharibənin enerji və gübrə qiymətlərinə mənfi təsir göstərdiyini qeyd edib.

Nazir bütün bu çətinliklərə, enerji resurslarındakı bahalaşmaya və regional münaqişələrə baxmayaraq, Türkiyənin iqtisadi sabitliyini qoruduğunu və zəlzələ zonasında bərpa işlərinin artıq yekunlaşmaqda olduğunu bildirib. Bolat önümüzdəki dövrdə əhalinin rifahını artırmağa yönəlmiş addımların prioritet təşkil edəcəyini vurğulayıb.