Qida məhsullarının etiket məlumatları ilə bağlı yeni tələblər müəyyənləşib

15:56 - 13.10.2022


13 oktyabr, Fineko/abc.az. 1 yanvar 2023-cü ildən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib.

ABC.AZ xəbər verir ki, etiketləmə tələblərinə dair əlavə müddəlar yeni qanunda yer alıb.

Yeni qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılmasına, dolayısı ilə onların hüquqlarının pozulmasına gətirib çıxarır.

Bu da son nəticədə insan sağlamlığı və həyatı üçün müəyyən problemlər yarada bilər. Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb.

Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir.