Azərbaycanda ən tez pensiyaya kimlər çıxa biləcək?

10:57 - 22.04.2022


22 aprel, Fineko/abc.az. Mülki aviasiya sahəsində və ağır iş şəraitində çalışanlar daha tez pensiyaya çıxa biləcəklər. Bu məsələ "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

ABC.AZ xəbər verir ki, məsələni "Xəzər Xəbər"ə şərh edən millət vəkili Məlahət İbrahimqızı deyib ki, bu sahələrdə çalışan şəxslər pensiya təyinatına dəyişikliklərin olması ilə bağlı bir neçə dəfə müraciətlər ediblər.

"Artıq qeyd olunan sahələrdə çalışan şəxslərin pensiya təyinatı ilə bağlı dövlət tədbirlər görəcək. Mülki aviasiya sahəsində və ağır iş şəraitində çalışanlar pensiyaya çıxarkən onlar üçün həm pensiya kapital tələbatı, həm də 25 illik staj tələbi, eyni zamanda, yaş tələbi var idi. Bir sıra hallarda bu kateqoriyadan olan insanlar həmin yaş müddətində pensiya kapitalını toplaya bilmirdi. Stajı toplaya bilmədiyinə görə, müvafiq şəraitdə lazımi pensiyanı da ala bilmirdi. İndi bu tələblər aradan qaldırılır", - deyə deputat bildirib.