Badamdar qəsəbəsinin su və kanalizasiya şəbəkələri yenidən qurulur

15:06 - 1.02.2022


1 fevral, Fineko/abc.az. “Azərsu” ASC  Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivindəiçməli su və kanalizasiya şəbəkələrinin tamamilə yenidən qurulması işlərini davam etdirir.

ABC.AZ xəbər verir ki, 2019-2020-ci illərdə ərazidə 15 km içməli, 20 km tullantı su xətləri inşa edilib. Ötən ilin sonlarından etibarən layihənin davamı kimi 1,8 km  içməli su və 2 km tullantı su şəbəkəsinin inşasına başlanılıb. Hazırda 140 ünvana ev birləşməsinin verilməsi işləri davam etdirilir.

Layihə üzrə işlərin fevral ayında başa çatdırılması nəzərdə tutulur.

Qeyd olunur ki, Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri isə Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihə çərçivəsində 45 km içməli, 28 km  tullantı su şəbəkələri inşa edilib.