16:15 - 1.10.2021
1 oktyabr, Fineko/abc.az. Qobustan rayonunun Sündü kəndinin Yeni yaşayış massivində içməli su layihəsinin icrası yekunlaşıb.
ABC.AZ-a “Azərsu” ASC-dən verilən məlumata görə, Sündü kəndinə içməli suyun verilməsi ilə bağlı keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov iştirak edib.
Tədbirdə çıxış edən “Azərsu” ASC-nin şöbə rəisi Şöhrət Süleymanov bildirib ki, hazırda daxili imkanlar hesabına bir sıra kənd və qəsəbələrdə içməli su layihələri həyata keçirilir. Qobustan rayonunun Sündü kəndində icra olunan layihə çərçivəsində mövcud sistemlərin yenidən qurulması ilə yanaşı, yeni infrastrukturlar da yaradılıb.
“Azərsu” ASC-nin daxili imkanları hesabına icra olunan layihə çərçivəsində Sündü kəndinin içməli su ilə təmin etmək üçün Qırxbulaq mənbəyində bərpa işləri aparılıb. Yaşayış massivində 6 km paylayıcı su şəbəkəsi yaradılıb və 150 evin hər birinə birləşmə verilərək sayğaclar quraşdırılıb.
Layihə çərçivəsində Vətən müharibəsində şəhid olmuş Zamin Ağayevin xatirəsinə yaradılmış şəhid bulağına suyun verilməsi təmin edilib. Yeni layihənin icrası nəticəsində Sündü kəndinin Yeni yaşayış massivi adlanan ərazisində 1000-ə yaxın sakin dayanıqlı içməli su ilə təmin olunub.
14 Avqust 2026