Azərbaycan banklarının aktivləri 29 milyard 950,8 milyon manat təşkil edib

14:00 - 2.04.2019


2 aprel, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri fevralın 28-nə 29 milyard 950,8 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 708 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında bildirilib ki, sektorun balans kapitalı 4 milyard 242,8 milyon manat olub. Fevralda bank sektorunun aktivləri 1,2 faiz (348 milyon manat), öhdəlikləri 0,9 faiz (222,3 milyon manat), balans kapitalı isə 3 faiz (125,5 milyon manat) artıb. Bankların kredit portfeli fevralda 0,7 faiz (88,9 milyon manat) artaraq 12 milyard 629,9 milyon manat təşkil edib.

Fevralda fiziki şəxslərin əmanətləri 8 milyard 118,5 milyon manat təşkil edib. İlin ikinci ayında əmanətlər 1,7 faiz (137,8 milyon manat) artıb.

Ay ərzində bankların əməliyyat mənfəəti 113,7 milyon manat, xalis mənfəəti isə 49,2 milyon manat təşkil edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2524 olub. Bank sektorunun işçi heyətinin sayında artım fevralda da davam edib. Belə ki, cari ilin fevralında işçi sayı 0,5 faiz (95 nəfər) artaraq 17 min 683 nəfər olub.