“Qaradağ Maşınqayırma” ASC-nin zərəri 42 faizə yaxın artıb

11:17 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. “Qaradağ Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2025-ci maliyyə ilini 42,8 min manat xalis zərərlə başa vurub.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə şirkətin xalis zərəri 30,2 min manat təşkil etmişdi. Beləliklə, cəmiyyətin xalis zərərinin həcmində illik müqayisədə 41,8 faizlik artım qeydə alınıb. Paralel olaraq, şirkətin əməliyyat zərəri də 30,2 min manatdan yüksələrək 42,8 min manata çatıb.

Maliyyə göstəricilərinə nəzər saldıqda görünür ki, hesabat dövründə müəssisənin satış gəlirləri 8 faiz artaraq 186,8 min manatdan 201,8 min manata yüksəlib.

Lakin gəlirlərlə yanaşı xərclərdə də dəyişikliklər müşahid olunub; belə ki, işçi heyəti üzrə xərclər 48,7 faiz kəskin artaraq 177,7 min manata çatıb. Əvəzində amortizasiya xərcləri 20,6 faiz azalaraq 2,3 min manat, sair əməliyyat xərcləri isə 31,7 faiz azalaraq 94,7 min manatdan 64,7 min manata düşüb.

Ümumilikdə, hesabatda əks olunan əməliyyat xərclərinin ümumi həcmi 12,7 faiz artaraq 217 min manatdan 244,7 min manata yüksəlib.

Məlumat üçün bildirək ki, “Qaradağ Maşınqayırma” ASC neft-qaz sənayesi üçün müxtəlif avadanlıq və ehtiyat hissələrinin istehsalı, eləcə də onların əsaslı təmiri istiqamətində fəaliyyət göstərir.

Müəssisə 2002-ci ilə qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Maşınqayırma” İstehsalat Birliyinin tərkibində olub, 2004-cü ildən isə özəlləşdirilərək açıq səhmdar cəmiyyəti statusunda fəaliyyətini davam etdirir. Şirkətin nizamnamə kapitalı 243,5 min manat təşkil edir. (C) Banker