Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM

17:11 - 25.08.2026


25 avqust, Fineko/abc.az.  Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, müvafiq sənədlərdən birini təqdim edən şəxslər 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Viza verilməsi üçün əsas hesab edilən sənədlər:

  • Akkreditasiya sənədi: “Formula One Management Limited” və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) qaydalarına uyğun akkreditasiyanı təsdiq edən kart və ya sənəd.

  • BŞH akkreditasiyası: Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart.

  • Yarış bileti: Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Sərəncamla Xarici İşlər Nazirliyinə beynəlxalq təşkilatları, xarici ölkələrin müvafiq qurumlarını bilgiləndirmək və “ASAN Viza” sistemi imkanlarını təbliğ etmək, Dövlət Miqrasiya Xidmətinə isə aviasiya şirkətlərini məlumatlandırmaq tapşırılıb.