11:15 - 25.08.2026
25 avqust, Fineko/abc.az. ABŞ Prezidenti Donald Trampın ötən il xaricdən viza alacaq H-1B işçiləri üçün tətbiq etdiyi 100 min dollarlıq rüsum fərmanı məhkəmə maneəsi ilə qarşılaşdıqdan sonra, administrasiya hüquqi boşluqları aradan qaldırmaq məqsədilə Daxili Təhlükəsizlik Nazirliyi (DHS) vasitəsilə rəsmi qayda layihəsi hazırlayıb.
Yeni layihə yalnız ölkə xaricindən gələnləri deyil, həm də hazırda ABŞ-də olan, universitetlərdən yeni məzun olan və ya statusunu dəyişən xarici mütəxəssislər adından edilən bütün kvotaya tabe müraciətləri əhatə edəcək.
İllik 85 minlik hüquqi kvotaya tabe olan texnologiya və mühəndislik yönümlü H-1B müraciətlərini hədəf alan bu qayda layihəsi universitetləri, xəstəxanaları və qeyri-kommersiya tədqiqat təşkilatlarını əlavə rüsumdan azad edir. Daxili Təhlükəsizlik Nazirliyi toplanacaq rüsumlar hesabına Miqrasiya Xidməti (USCIS), Sərhəd Mühafizəsi (CBP), Miqrasiya Məhkəmələri (EOIR), Xarici İşlər və Əmək nazirliklərinin miqrasiya nəzarəti xərclərini qarşılamağı planlaşdırır.
İldə təxminən 8,8 milyard dollarlıq iri mənbə yaratması gözlənilən bu rüsum layihəsinin, xüsusilə texnologiya giqantları və konsaltinq şirkətləri üzərindəki maliyyə yükünü rekord səviyyəyə qaldıracağı proqnozlaşdırılır.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026