15:38 - 26.08.2026
26 avqust, Fineko/abc.az. "Hyundai Motor" şirkətinin icraçı direktoru Hose Munyos Cənubi Koreya avtomobil nəhənginin ABŞ bazarında "Toyota" ilə rəqabət aparmaq və qlobal bazarlarda ucuz Çin istehsalçılarına qarşı durmaq məqsədilə 100-dən çox yeni və yenilənmiş modeli satışa çıxaracağını bəyan edib.
Seulda təşkil olunan İnvestor Günündə açıqlanan plan çərçivəsində avtoistehsalçı orta ölçülü pikaplar və yüngül kommersiya avtomobilləri də daxil olmaqla 18 yeni seqmentə daxil olacaq. Tam elektrikli avtomobillərə olan qlobal tələbatın zəifləməsi fonunda mühərrik çeşidlərini şaxələndirən şirkət elektrik, hibrid və yürüş məsafəsi uzadılmış elektrikli (EREV) modellər arasında balansı yenidən qurur.
Tədarük olunacaq modellərdən 58-i ABŞ, 41-i Avropa, 26-sı Hindistan və 22-si Çin bazarına ayrılacaq. ABŞ-da hibrid modellərin sayını 2030-cu ilədək 10-dan çox etməyi hədəfləyən "Hyundai" Şimali Amerikada yerli ehtiyat hissələrinin payını 60%-dən 80%-ə qaldırmağı və qlobal istehsal həcmini 1,3 milyon ədəd artırmağı planlaşdırır. Paralel olaraq robototexnika sahəsinə də diqqət ayıran şirkət "Boston Dynamics"in "Atlas" robotlarının təlim mərkəzini genişləndirərək 2028-ci ildə illik 30 min ədəd robot istehsal gücünə çatmağı qarşısına məqsəd qoyub.
25 Avqust 2026