Banklar və fintexlər ödəniş alətlərinə yeni limitlər tətbiq edir

12:02 - 3.08.2026


3 avqust, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) xidmətlərdən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiqi barədə razılığa gəliblər.

Yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 dəfə, aylıq isə maksimum 20 min manata qədər mədaxil əməliyyatı həyata keçirilə biləcək. Həmçinin, hər bir hesaba bağlı yalnız bir ödəniş alətinin verilməsi nəzərdə tutulur. Məxaric əməliyyatlarına isə hər hansı limit tətbiq olunmur.

Müştərilərin özlərinə və yaxın qohumlarına aid mədaxillər, eləcə də risk profilinə uyğun zəruri əsaslandırması olan əməliyyatlar bu limitlərdən istisna ediləcək. Yeni qaydalar sağlam ödəniş təcrübəsinə malik istifadəçilərin gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək.