Son illər Özbəskitanda həyat sığortasının payı azalıb

11:08 - 25.06.2026


25 iyun, Fineko/abc.az. Özbəkistanda sığorta haqlarının ümumi daxili məhsula (ÜDM) nisbəti Azərbaycanla müqayisədə aşağıdır.

ABC.AZ xəbər verir ki, bunu Özbəkistan Peşəkar Sığorta Bazarı İştirakçıları Assosiasiyasının Baş direktoru Kamoliddin Abdurakhimov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

Bununla belə, onun sözlərinə görə, genişmiqyaslı rəqəmsallaşma ötən il bazarda elektron şəbəkələr vasitəsilə 12,5 milyondan çox sığorta polisinin rəsmiləşdirilməsinə imkan verib: "Son beş ildə bazarın inkişaf dinamikasına qısa nəzər salsaq, 3,5 dəfədən çox böyümə görərik. Əgər 2021-ci ildə yığımlar $334 milyon təşkil edirdisə, ötən il bu göstərici $1 milyard 200 milyon çox olub. Hazırda sığorta sektorunun ÜDM-də payı təxminən 0,8 % təşkil edir ki, bu da Azərbaycanla müqayisədə daha aşağı göstəricidir. Lakin əvvəlki illərdə sığorta nüfuzetmə səviyyəsinin cəmi 0,26 % olduğunu nəzərə alsaq, bazarın sürətlə inkişaf etdiyi aydın görünür. Sığorta haqlarının artım tendensiyasının gələcəkdə də davam edəcəyi gözlənilir".

Baş direktor əlavə edib ki, son illər Özbəskitanda həyat sığortasının payı azalıb:

"Bunun əsas səbəblərindən biri 2023-cü ildən etibarən vergi güzəştlərinin ləğv edilməsidir. Əvvəllər gəlir vergisi üzrə tətbiq olunan güzəştlər bu sahənin inkişafını dəstəkləyirdi. Güzəştlərin ləğvindən sonra isə bazarda geriləmə müşahidə olundu. Belə ki, 2022-ci ildə həyat sığortasının ümumi yığımlardakı payı 25%-dən çox idi, hazırda 4 %-ı düşüb. Rəqəmsallaşmanın müəyyən mənfi təsirləri də olub. Müsbət tərəf ondan ibarətdir ki, dələduzluq halları azalıb. Lakin digər tərəfdən, sığorta agentlərinə ehtiyacın azalması nəticəsində onların sayı da xeyli azalıb".

©Report