Auditorlar Palatası ötən ili 244.45 min manat xalis artıqlıqla başa vurub

16:51 - 24.06.2026


24 iyun, Fineko/abc.az. Auditorlar Palatası 2025-ci ili 244.45 min manat xalis artıqlıqla başa vurub. Bu, 2024-cü illə müqayisədə 53.2% və ya 84.84 min manat çoxdur.

ABC.AZ xəbər verir ki, palatanın əməliyyat gəlirləri illik müqayisədə 8% artaraq 1.54 mln. manata yüksəlib. Gəlirlərin əsas hissəsini təşkil edən üzvlük haqları 11.4% artaraq 1.46 mln. manata çatıb.

Hesabat dövründə ixtisasartırma və imtahan haqlarından əldə olunan gəlirlər 44.5% artaraq 47.81 min manata yüksəlsə də, qrant və ianələr 65.2% azalaraq 27.3 min manata enib.

Əməliyyat xərcləri isə 2.3% artaraq 1.29 mln. manat təşkil edib. Xərclərin ən böyük hissəsi işçilərə çəkilən xərclərin payına düşüb. Bu istiqamətdə xərclər illik müqayisədə 23.5% artaraq 903.09 min manata yüksəlib. Məlumat və reklam xərcləri 1.0% azalaraq 107.81 min manat olub.

Bununla yanaşı, konfrans xərcləri 59.8% azalaraq 32.6 min manata düşüb. Hesabat ilində 44.9 min manat məbləğində ümidsiz borclar üzrə ehtiyat gəliri tanınıb ki, əvvəlki ildə bu göstərici sıfır olub.

Nəticədə Auditorlar Palatasının xalis artıqlığı 244.45 min manata çataraq əvvəlki ilin 159.61 min manatlıq göstəricisini üstələyib.