Yaxın Şərqdə təchizat narahatlıqları azaldı: Alüminium ucuzlaşmaqda davam edir

09:56 - 13.08.2026


13 avqust, Fineko/abc.az. Yaxın Şərqdə tədarük zənciri ilə bağlı narahatlıqların səngiməsi fonunda alüminium qiymətləri ardıcıl ikinci gündür ki, ucuzlaşır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) en böyük istehsalçısı "Emirates Global Aluminium" (EGA) hərbi əməliyyatlar səbəbindən fəaliyyəti məhdudlaşan zavodunda hasilatın gözləniləndən daha tez bərpa olunacağını bəyan edib. Şirkət mart ayındakı hücumdan sonra fəaliyyətini dayandırmış əsas obyekti üzrə istehsal həcmini 2027-ci ilin birinci rübünə qədər münaqişədən əvvəlki səviyyəyə çatdırmağı hədəfləyir.

Bu açıqlamayadək Hürmüz boğazının açılması üzrə ABŞ-İran danışıqlarının dalana dirənməsi səbəbindən alüminium qiymətləri ardıcıl 7 gün yüksələrək son 7 həftənin maksimumuna çatmışdı. London Metal Birjasında (LME) alüminium ehtiyatlarının 1990-cı ildən bəri ən aşağı səviyyədə qalması da bazarda təchizat gərginliyini artıran əsas amillərdəndir.

Qiymət dinamikası:

  • Alüminium: 0,9% ucuzlaşaraq 3 282,50 dollar/ton təşkil edib.

  • Mis: 0,4% dəyər itirib.

  • Sink: 0,8% geriləyib.