12:31 - 23.06.2026
23 iyun, Fineko/abc.az. Buğda istehsalında subsidiyalar və müasir aqrotexniki yanaşmalar gücləndiriləcək.
ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
O qeyd edib ki, buğda istehsalının inkişafı istiqamətində dövlət dəstəyi daha da gücləndiriləcək:
"Aqrotexniki qulluq işlərinə nəzarət artırılacaq, zəruri meliorativ tədbirlər həyata keçiriləcək və məhsuldarlığın yüksəldilməsi üçün kompleks yanaşma tətbiq olunacaq. Bu sahədə xüsusi əhəmiyyət daşıyan dəstək mexanizmlərindən biri kredit faizlərinin subsidiyalaşdırılmasıdır. Birillik əkinlərin istehsalı məqsədilə banklar tərəfindən fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19 %-i keçməyən hissəsinin dövlət büdcəsindən ödənilməsi nəzərdə tutulur. Bu mexanizm fermerlərin maliyyə yükünü azaltmağa, əkin işlərinin vaxtında həyata keçirilməsinə və istehsal dövriyyəsinə daha əlverişli maliyyə resurslarının cəlb edilməsinə xidmət edir".
"Digər mühüm dəstək aləti lazer hamarlama texnologiyasının tətbiqinin stimullaşdırılmasıdır. Lazer hamarlama aparılmış sahələrdə istehsal olunan buğdanın dəyirmanlara təhvil verilən hər tonuna görə həm fermerə, həm də dəyirman müəssisələrinə əlavə məhsul subsidiyasının verilməsi nəzərdə tutulur. Bu yanaşma fermerləri müasir texnologiyalardan istifadəyə təşviq etməklə yanaşı, istehsalçı ilə emal müəssisələri arasında əməkdaşlığın güclənməsinə də şərait yaradır. Buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya mexanizmləri kifayət etmir. Keyfiyyətli toxum seçimi, torpaq analizlərinin aparılması, səpinin optimal müddətdə həyata keçirilməsi, gübrələmə normalarının torpağın faktiki tərkibinə uyğun müəyyənləşdirilməsi, suvarmanın vaxtında təşkili, eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin operativ görülməsi yüksək məhsuldarlığın əsas şərtləridir", - deyə nazir müavini qeyd edib.
24 İyun 2026
24 İyun 2026