Su və torpaq resurslarından səmərəli istifadə Dövlət Proqramının əsas prioritetidir- Xalid Əhədov

12:06 - 22.06.2026


22 iyun, Fineko/abc.az. Hədəflər bir daha göstərir ki, Dövlət Proqramı yüksək məhsuldarlığa, səmərəliliyə və əlavə dəyərə əsaslanan inkişaf modelini hədəfləyir.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Dövlət Proqramı çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

O qeyd edib ki, su və torpaq resurslarından səmərəli istifadə Dövlət Proqramının əsas prioritetləri sırasında yer alır.

Müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin təkmilləşdirilməsi, mövcud kanalların təmizlənməsi, həmçinin fermerlərin maarifləndirilməsi bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi yalnız bütün aidiyyəti qurumların əlaqələndirilmiş və birgə fəaliyyəti nəticəsində mümkün ola bilər.

Onun sözlərinə görə, Dövlət Proqramının icrası üçün bütün imkanlar səfərbər ediləcək:

"Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor hesabına isə təxminən 3 milyard manatdan artıq vəsaitin cəlb edilməsi nəzərdə tutulur: Dövlət Proqramının dörd il yarım müddətində icra olunacağını nəzərə alaraq, cənab Prezident tərəfindən proqramın icrasına dərhal başlanılması ilə bağlı verilmiş tapşırıqlara uyğun olaraq qarşımızda duran vəzifələrin yerinə yetirilməsinə vaxt itirmədən başlanmalıdır. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin tam icrası yalnız bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş fəaliyyəti, eləcə də özəl sektorun investisiya və idarəetmə potensialının səfərbər olunması nəticəsində mümkün olacaq".