Rabitəbank ITFC ilə 10 milyon dollarlıq yeni maliyyələşmə sazişi imzalayıb

12:03 - 18.06.2026


18 iyun, Fineko/abc.az. Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Rabitəbank" ASC ilə Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) arasında 10 milyon ABŞ dolları məbləğində növbəti maliyyələşmə razılaşması imzalanıb.

ABC.AZ banka istinadla xəbər verir ki, bu vəsait Azərbaycanda real sektorun, xüsusilə kiçik və orta sahibkarlığın (KOB) ticarət əməliyyatlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Forumun panel müzakirələrində çıxış edən Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov bildirib ki, bank İİB Qrupu ilə 2023-cü ildən əməkdaşlıq edir. O, Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Tənzimləyici "Sandbox" mexanizmi sayəsində Rabitəbankın 2026-cı ilin fevral ayından etibarən "Murabaha" və "Mudaraba" məhsullarının satışına başladığını vurğulayıb. Hazırda Rabitəbank ölkədə bu iki İslam maliyyəsi məhsulunu birlikdə təqdim edən ilk və yeganə bankdır.