15:39 - 9.06.2026
9 iyun, Fineko/abc.az. Gələcəyin ödəniş arxitekturası üç əsas komponent üzərində qurulacaq.
ABC.AZ xəbər verir ki, bunu "Visa" beynəlxalq kart təşkilatının Mərkəzi və Şərqi Avropa, MDB və Cənub-Şərqi Avropa regionu üzrə rəqəmsal həllər departamentinin baş direktoru Sergey Frantişko Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
O sözügedən üç əsas komponentləri sadalayaraq bunların tokenizasiya, "Passkey" və süni intellekt olduğunu qeyd edib.
"Tokenizasiya kart nömrələrinin deyil, ödəniş rekvizitlərinin qorunmasına yönəlib. "Passkey" istifadəçinin identifikasiyasını təmin edir, süni intellekt isə artıq yalnız dələduzluğun qarşısının alınması və ya fərdiləşdirilmiş təkliflərin hazırlanması ilə məhdudlaşmır. Süni intellekt artıq ödənişləri təşəbbüs edir, optimallaşdırır və müəyyən qərarlar qəbul edir. Bunun üçün istifadəçinin razılığı biometrik təsdiq vasitəsilə əldə olunur", - deyə o vurğulayıb.
S.Frantişko regionda elektron ticarətin sürətlə inkişaf etdiyini və "Mobile First" davranış modelinin formalaşdığını bildirib:
"İnsanlar ödənişlər üçün getdikcə daha çox smartfonlardan, ağıllı saatlardan və digər daşınan cihazlardan istifadə edirlər. Nağdsız ödənişlərin həcmi artsa da, regionda nağd əməliyyatların payını azaltmaq üçün hələ böyük potensial mövcuddur. Düzgün qurulmuş ödəniş infrastrukturu ölkələrə bəzi inkişaf mərhələlərini keçərək daha müasir həllərə birbaşa keçid etməyə imkan verə bilər. Tokenizasiya, "Passkey" texnologiyaları və süni intellekt infrastrukturlarına investisiya qoyan bazar iştirakçıları gələcəyin maliyyə xidmətləri sektorunda lider mövqelər tutacaqlar".
Müəllif: Elmir Muradov
8 İyun 2026