13:00 - 7.06.2026
7 iyun, Fineko/abc.az. ABŞ fond bazarı həftəni kəskin ucuzlaşma ilə başa vurub. Sentyabr ayı üzrə güclü məşğulluq hesabatının FED-in uçot dərəcəsini azaldacağı ilə bağlı ümidləri puç etməsi bazarlarda kütləvi satışlara yol açıb.
ABC.AZ "CNBC" telekanalına istinadən xəbər verir ki, həftəlik yekunlara görə, S&P 500 indeksi 2.6%, texnologiya yönümlü Nasdaq isə 4.2% geriləyib. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyinin 4.5%-i ötməsi investorların İT sektorundan çıxaraq maliyyə və səhiyyə sahələrinə yönəlməsinə səbəb olub.
Şirkətlərin dinamikası və yeni İPO-lar:
Əsas itkilər: Gözləntiləri doğrultmayan "Broadcom" və "Intel" səhmləri müvafiq olaraq 13.7% və 13.5% dəyər itirib. "Nvidia" 2.9%, "Alphabet" holdsingi isə Süni İntellekt layihələrini maliyyələşdirmək üçün 85 milyard dollarlıq yeni səhm buraxacağını elan etdikdən sonra 3% ucuzlaşıb.
Həftənin lideri: "Nvidia" rəhbərinin "növbəti trilyonluq şirkət olacaq" bəyanatından sonra "Marvell Technology" səhmləri 28%-dən çox bahalaşıb.
Təklif bolluğu təzyiqi: Bazarda yaxın günlərdə böyük səhm təkliflərinin gözlənilməsi ("SpaceX" tərəfindən 75 milyard dollarlıq satış və "Anthropic" startapının IPO planları) tələbi üstələyərək qiymətlərə əlavə mənfi təsir göstərir.
5 İyun 2026
5 İyun 2026