Trampın İranla bağlı hədələrinə görə qızıl kəskin ucuzlaşdı

11:00 - 2.04.2026


2 aprel, Fineko/abc.az. Qlobal birjalarda qızılın qiyməti cümə axşamı səhər saatlarında kəskin şəkildə enib. Buna səbəb Donald Trampın İrana qarşı sərt addımlar vədi ilə çıxışı olub. Bu isə investorların qiymətli metaldan daha etibarlı aktivlərə yönəlməsinə səbəb olub.

ABC.AZ xəbər verir ki, Nyu-Yorkun Comex birjasında Bakı vaxtı ilə saat 9:14-ə olan məlumata görə, qızılın iyun fyuçersləri 2,4% və ya 115,65 dollar ucuzlaşaraq 4 697,45 dollar/unsiya səviyyəsinə düşüb. Gümüş isə daha çox dəyər itirib: may müqaviləsi 5,56% azalaraq 71,845 dollar/unsiya olub.

Eyni zamanda, ABŞ Xəzinədarlığının 10 illik istiqrazlarının (US Treasuries) gəlirliliyi 4,32%-dən 4,381%-ə yüksəlib. Bu kağızlar ənənəvi qoruyucu aktiv hesab olunur və onların gəlirliliyinin artması adətən qızıla marağın azalmasına səbəb olur.

Ötən gün Donald Tramp bildirib ki, yaxın iki-üç həftə ərzində ABŞ İranı “daş dövrünə qaytaracaq” güclü zərbələr endirə bilər.