Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışı qaydalarını dəyişib

11:30 - 18.03.2026


18 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 11 avqust 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması Qaydası”nda dəyişikliklər edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra onlayn satın alınmış yubiley və xatirə pul nişanı sistemdə seçilən vaxtda müvafiq satış məntəqəsindən əldə edilmədikdə AMB alıcı və yaxud onun nümayəndəsi ilə əlaqə yaradacaq və razılaşdırılmış yeni vaxt müəyyən edəcək.

Alıcı və yaxud onun nümayəndəsi yeni vaxtda da yubiley və xatirə pul nişanını müvafiq satış məntəqəsindən təhvil almadıqda sifariş ləğv ediləcək.

Bu halda, ödənilmiş məbləğ Elektron Xidmətlər Portalının elektron müraciət sistemində göstərilmiş bank rekvizitləri əsasında 3 iş günündə alıcının bank hesabına geri qaytarılacaq.

Bundan başqa, AMB pul nişanını geri aldıqda onun ekspertizası təqdim edən şəxsin (və yaxud onun nümayəndəsinin) birbaşa iştirakı ilə aparılacaq və dəyəri həmin gün “Nağdsız hesablaşmalar haqqında” qanunun tələbləri nəzərə alınmaqla nağd və yaxud nağdsız qaydada həmin şəxsə ödəniləcək.