Ötən ilin ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.6 milyard dollar kəsir olub

15:51 - 17.03.2026


17 mart, Fineko/abc.az. 2025-ci ildə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.6 milyard dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0.6 milyard dollar profisit olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 27.4% azalaraq 2.0 milyard dollar təşkil edib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 7.8 milyard dollar olub:

"Bunun 62.8%-ini 4.9 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (3.4 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 3.0 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (249.6 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (478.9 milyon dollar) və digər ödənişlər (736.8 milyon dollar) təşkil edi".

"Digər ödənişlərin böyük hissəsi (445.1 milyon dollar) ölkə iqtisadiyyatına yenidən investisiya (Azərbaycanda qazanılan gəlirləri ölkəyə təkrar investisiyası) formasında daxil olduğu üçün birbaşa xarici investisiyalar maddəsində nəzərə alınıb", - əlavə edilib.