15:21 - 9.01.2026
9 yanvar, Fineko/abc.az. -(özəl xəbər)- Hamıya məlumdur ki, əksər böyük marketlərdə istehlakçıların hüquqları pozulur. Bu müxtəlif formalarda baş verir. Ya müştərinin qalır pulu əksər zamanlar qaytarılmır, ya xırda pul yerinə başqa məhsul verilir. Bu isə alıcıların hüquqlarının pozulması deməkdir. Bununla yanaşı, bəzi marketlərdə, əsasən də "Oba" marketdə qiymət manipulyasiyası həyata keçirilir. Piştaxtada başqa qiymət görən alıcılar kassada daha baha qiymətlə rastlaşır. Artıq illərdir davam edən bu tendensiyalara uzun zamandır etiaz edilsə də heç bir əncam çəkilmir. Elə ona görə də marketlər öz "siyasət"lərindən əl çəkmirlər. Bütün bunlara nə vaxt son qoyulacağı və bununla bağlı hansı tədbirlərin görüldüyünü aydınlaşdırmaq üçün Antiinhisar və İsethlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu ünvanladıq.
Agentlikdən ABC.AZ-a bildirildi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı istehlakçını maraqlandıran malın, işin və ya xidmətin qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Agentlikdən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələblərinə əsasən, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır:
"Malın adı, çəkisi və növü qablaşdırmada göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri qeyd olunmalıdır. Məhsulun satış qiyməti piştaxta və ya vitrinlərdə göstərilən qiymət hesab edildiyindən istehlakçılarla hesablaşmalar məhz həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş zamanı istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçı hüquqlarının pozulması, yəni malın (xidmətin) hesabına dair istehlakçıların aldadılması kimi qiymətləndirilir.
İstehlakçı məhsul alarkən vitrin və kassa qiymətləri arasında fərqlə qarşılaşdığı halda, mağaza rəhbərliyinə müraciət edərək məhsulun vitrində göstərilən qiymətlə satılmasını tələb etmək hüququna malikdir.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılan bütün pul nişanları, o cümlədən xırda nominallar Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyəri ilə hökmən qəbul edilməlidir. Bu baxımdan, xırda pulun qəbul edilməməsi və ya qaytarılmaması üçün hüquqi əsas mövcud deyil.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Xırda pul qalığının qaytarılmaması öhdəliyin vicdanlı və tam icra edilməməsi, habelə istehlakçının əmlak hüququnun pozulması kimi qiymətləndirilir. Qalıq məbləğin qəsdən və sistemli şəkildə saxlanılması halı istehlakçının malın hesabına görə aldadılması əlamətləri də yarada bilər.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir".
Müəllif: Elmir Muradov