Bank sektorunun öhdəlikləri 51 milyard 517,4 milyon manata çatıb - AMB

12:32 - 25.12.2025


25 dekabr, Fineko/abc.az. Bu il dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 58 milyard 748,6 milyon manat təşkil edib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 17,1% çoxdur.

Bankların aktivlərinin 27 milyard 919,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8,4 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 51,4 %-dən 47,5 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 18 % artaraq 51 milyard 517,4 milyon manata, o cümlədən depozit portfeli 5,7 % artaraq 37 milyard 202 milyon manata çatıb. Bunun 15 milyard 847,7 milyon manatı fiziki, 21 milyard 354,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 14,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 0,1 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 7 dəfə azalaraq 0,5 milyon manat olub.

Sektorun balans kapitalı isə 11,2 % artaraq 7 milyard 231,1 milyon manat təşkil edib.