Bu ilin ilk 9 ayında ilkin gəlirlər balansı defisitli olub – Samir Nəsirov

12:35 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. Bu ilin ilk 9 ayında ilkin gəlirlər balansı defisitli olub. Bu dövrdə kəsirimiz 1,7 milyard dollar təşkil edib. Bu kəsr ötən ilin eyni dövrünə nisbətən təxminən 14% daralıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.

"İlkin gəlirlər balansının kəsirini formalaşdıran əsas amil neft-qaz sektorunda Azərbaycana yatırılmış birbaşa xarici investisiyaların faiz repatriasiyası ilə əlaqədardır. Bu dövrdə 2 milyard dollara yaxın həcmində ölkəyə qoyulmuş birbaşa xarici investisiyaların faiz repatriasiyası həyata həyata keçirilib", - o bildirib.

"Eyni zamanda bu dövrdə qiymətli kağızlar portfelindən gəlirlərimiz artır. Bu ilin ilk 9 ayında qiymətli kağızlar portfelindən gəlirlərimiz ötən ilin eyni dövrü ilə müqayisədə xalis olaraq 7,4% artıb", - S. Nəsirov əlavə edib.