Son 3 ildə 457 dövlət obyektinin şəbəkə təminatı "AzstateNet" üzərinə keçirilib - Tural Məmmədov

11:28 - 20.11.2025


20 noyabr, Fineko/abc.az. Noyabrın 18-də 9 mindən çox yerli saytın fəaliyyətinin dayanmasına bir "Cloudflare" məsələsi kimi baxmaq yalnış olar.

ABC.AZ xəbər verir ki, bunu Bakıda təşkil etdiyi "Kibertəhlükəsizlik Günü"ndə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov bildirib.

T.Məmmədovun sözlərinə görə, son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən "CloudFlare" kimi trafikin xaricə daşınması halı dayandırılıb və mühafizəsi "AzStateNet" üzərindən təmin edilib:

"Ümumilikdə son 3 ildə 457 dövlət obyektinin şəbəkə təminatı "AzstateNet" üzərinə keçirilərək lokal mühafizəsi təmin olunub. Bizim həyata keçirdiyimiz sözügedən mühafizə siyasəti sadəcə internet informasiya ehtiyatları ilə bağlı deyil, bu yanaşma eyni zamanda xüsusi dövlət rabitəsində də şamil olunur. Belə ki, bugün qlobal internetə çıxışda ölkəmizdə problem yaşamış olsa əgər bütün dövlət informasiya ehtiyatları lokal olaraq fəaliyyətlərini davam etdirəcək. Eyni zamanda bütün güc strukturlarını və kritik infrastrukturları təmin etdiyimiz xüsusi radiorabitə vasitələrimiz heç bir mobil şəbəkədən asılı olmadan tam funksional bütün ölkə ərazində fəaliyyət göstərməkdədir.

Bununla yanaşı dövlət qurumlarına verdiyimiz TİMS tətbiqi də "Whatsapp" kimi aplikasiyalara alternativ kimi dövlət qurumlarında aktiv istifadə olunmaqda və xarici asılılığı minimuma endirməkdədir. Təbii ki, sadaladıqlarım həm görülən işlərin bir qismi, həm də hələdə görülməsi lazım olacaq işlərin çox az bir hissəsidir. Buradan bir daha bildirmək istəyirəm ki, yerli şirkətlərin inkişafı sadəcə onlara təsir etmir, bu həm ekosistemin inkişafına təkan verir, eləcə də bizim də dövlət qurumlarının təhlükəsizliyi üçün atacağımız bütün addımlara dolayı yolla böyük təsir göstərir".