Azərbaycanda qadın sahibkarların ən çox fəallıq göstərdiyi sahələr bunlardır - Siyahı

12:06 - 19.09.2025


19 sentyabr, Fineko/abc.az. Qadın sahibkarlara qanunvericilikdə kifayət qədər imkanlar yaradılıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.

Onun sözlərinə görə, sadəcə, bu imkanlardan düzgün istifadə üçün maarifləndirici təlimlər vacibdir. "Təlimlərdə qadınlara vergi, gömrük, iqtisadi hüquqlar və imtiyazlarla bağlı biliklər verilməlidir ki, gələcəkdə hüquqi çətinliklərlə üzləşməsinlər. Qadın sahibkarların məhsul istehsalı, brendləşməsi, rəqəmsallaşması və beynəlxalq bazarlara çıxışı istiqamətində fəaliyyət genişləndirilməlidir. Bu prosesdə dövlət subsidiyaları, bank dəstəyi və beynəlxalq platformalara inteqrasiya xüsusi rol oynayır. İxracda yaranan çətinliklərin aradan qaldırılması və valyutanın ölkəyə qaytarılması da mühüm məsələlərdəndir".

O bildirib ki, son illərin müşahidələri göstərir ki, qadın sahibkarların ən çox fəallıq göstərdiyi sahələr bunlardır: reklam və marketinq - yaxın illərdə ən gəlirli istiqamətlərdən biri hesab olunur; turizm - qadınların yaratdığı turizm şirkətlərinin sayı sürətlə artır; tibb və səhiyyə - qadınların dominantlıq etdiyi sahələrdən biridir; sənaye və kənd təsərrüfatı - bu sahələrdə qadınların rolu getdikcə güclənir; texnologiya və startaplar - qadınların İT və texnoloji layihələrdə iştirakı genişlənir.

"Beləliklə, qadın sahibkarlar artıq yalnız ənənəvi deyil, həm də innovativ və texnoloji sahələrdə öz mövqelərini gücləndirirlər. Onların dəstəklənməsi isə Azərbaycanın iqtisadi və sosial inkişafı baxımından mühüm əhəmiyyət daşıyır", - S.Babayeva sonda vurğulayıb. © Report